Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhəri, Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni bina tikilir. Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ötən gün Komitə sədri Əli Həsənov ərazidə olaraq inşaat işlərinin vəziyyətini öyrənib. Tikintini aparan şirkətin rəhbərliyinə və iş icraçılarına işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.
Məktəb binasının avqust ayının sonunadək təhvil verilməsi qərara alınıb.
Bütövlükdə 1 hektar sahədə inşa edilən 300 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı idman zalı, akt zalı, laboratoriyalar, fənn kabinələri, kompüter otağı və yeməkxana olacaq.