Qəbələ. Elvin Yaqubov - APA. Respublika Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qəbələ rayonunda gənclərlə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə Respublika Ağsaqqallar Şurasının Qəbələ, Qax, Zaqatala, Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qobustan, Oğuz, Şamaxı və Mingəçevirdəki şöbələrinin rəhbərləri, həmin rayonların gənclər və idman idarələrinin, fəal gənclər iştirak ediblər.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bildirib ki, Azərbaycan xalqı ağsaqqal sözünü daim uca tutub. Fəttah Heydərov qeyd edib ki, ağsaqqallar gənclər üçün kamil örnək nümunəsi olmalıdır. O, tədbiri nəsillərin görüşü kimi xarakterizə edib. Fəttah Heydərov Azərbaycanın inkişafında gənclərin və ağsaqqalların rolundan danışıb. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkədə ağsaqqal institutunun yüz illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Çıxış edən digər ağsaqqallar rayon şuralarının fəaliyyətində gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər.