Bakı. Könül Kamilqızı – APA. Son illər Azərbaycanda yoluxucu xəstəliklərdə azalma müşahidə olunur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bir çox xəstəliklər ləğv edilib.
Onun sözlərinə görə, poliomielit xəstəliyi 1996-cı ildən Azərbaycanda yoxdur: «Ölkədə difteriya, məxmərək xəstəliyi yox səviyyəsindədir. 2001-ci ildən etibarən ölkədə hepatit əleyhinə peyvəndlər tətbiq olunur və həmin ildən etibarən uşaqlar arasında hepatit B xəstəliyi qeydə alınmayıb. Ölkədə immunlaşdırma sahəsində mühüm işlər görülüb və bu iş bu gün də davam etdirilir. Təbii ki, aparılan immunlaşdırma və peyvəndlənmə nəticəsində bir çox xəstəliklərin qarşısını almağa nail olunub».