Bu ölkədə 620 min Azərbaycan vətəndaşı əmək mühaciri qismində çalışır
Moskva. Fərid Əkbərov – APA. Rusiya Federal Miqrasiya Xidməti (FMX) ölkə ərazisində olan miqrantların sayını açıqlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya ərazisində (14 dekabr 2012-ci il tarixində) 10,3 milyon xarici vətəndaş olub.
Rusiyadakı miqrantların siyahısına 2,3 milyon nəfərlə Özbəkistan vətəndaşları liderlik edir. İkinci yerdə isə 1,4 milyon nəfərlə Ukrayna vətəndaşlarıdır. Siyahıda üçüncü yerdə 1,1 milyon nəfərlə Tacikistan vətəndaşları qərarlaşıb.
FMX-in tərtib etdiyi siyahıda Rusiyada 620 min nəfər Azərbaycan vətəndaşının olduğu göstərilib. Qırğızıstanın 540 min, Almaniyanın 300 min, Çinin 200 mindən çox, ABŞ-ın 200 min, Böyük Britaniyanın 150 min nəfər vətəndaşı Rusiyada miqrant olaraq qeydiyyatdan keçib.
Qeyd edək ki, Rusiya Federal Miqrasiya Xidməti ölkə ərazisində olan miqrantların sayı barədə hər ay məlumat yayacağını bildirib.