Bakı. Könül Kamilqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 5-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.