Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq Ukraynanın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyasına 3 həftəlik bərpa müalicəsinə yola salınıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin uşaqların Evpatoriyada bərpa müalicəsi ölkə prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə ayrılmış vəsait hesabına təmin olunur. Uşaqların valideynlərindən biri ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması və qarşılanmaları, qeyd olunan sanatoriyada yerləşdirilmələri və bərpa-müalicə prosedurları ilə təmin edilmələrinə nəzarət olunması üçün nazirlikdən məsul şəxs təhkim olunub. Bu ayın sonunadək daha 59 nəfər uşağın tibbi-sosial reablitasiya üçün xaricə müalicəyə göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin ötən dövründə 95 nəfər əlilliyi olan şəxs xaricə müalicəyə göndərilib. Onlardan 65 nəfərinin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına müalicə mərkəzində, 30 nəfərinin isə Latviyanın Yurmala şəhərindəki “Vaivari” sanatoriyasında bərpa müalicəsi təşkil olunub.