Bank Of Baku

Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçiriləcək - FOTOSESSİYA

Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçiriləcək - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinin tikintisi tam olaraq başa çatdırılıb və artıq milli park kollektivinin, o cümlədən ziyarətçilərin istifadəsinə verilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sabah yeni istifadəyə verilmiş İnzibati Bina Kompleksinə nazirlik rəhbərliyinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə baxış keçiriləcək.

 

Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının müasir infrastrukturu, ərazisində Azərbaycanın ən yüksək zirvələrinin yerləşməsi, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyi onu regionun böyük ekoturizm potensialı olan təbiət kompleksi kimi səciyyələndirir. Şahdağ Milli Parkının müasir standartlara cavab verən İnzibati Bina Kompleksi Azərbaycan Respublikası Prezidentinin  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq “Dövlət Əsaslı Vəsait Qoyuluşu Çərçivəsində” büdcə vəsaiti hesabına reallaşıb. Yeni İnzibati Bina Kompleksi İnzibati binadan, Ekoturizm Mərkəzindən və Milli Parkın yerləşdiyi 6 inzibati (Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ) rayonun müvafiq ərazilərində tikilmiş nəzarət-buraxılış məntəqələrindən ibarətdir. Milli Park həmçinin, texniki avadanlıqlarla, çətin şəraitdə hərəkət edə bilən kvadrasikl və qarda yeriyən nəqliyyat vasitələri ilə də təchiz edilib.

Ekoturizm Mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə olunması, turizm avadanlıqlarının icarəyə verilməsi üçün şərait yaradılıb və təbiət muzeyi turistlərin istifadəsinə verilib. Yeni nəzarət-buraxılış məntəqələri isə Qusar rayonunun Ləzə, Quba rayonunun Xınalıq, Şamaxı rayonunun Qələybuğur, İsmayıllı rayonunun Buynuz, Oğuz rayonunun Baş Daşağıl kəndlərində və Qəbələ rayonunun müvafiq dağlıq sahəsində  inşa edilib.

 

Şahdağ Milli Parkı ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılması məqsədilə yaradılıb. Eyni zamanda, Milli Park təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsi məqsədi də daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR