Bank Of Baku

Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi yenidən aktivləşib - FOTOSESSİYA

Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi yenidən aktivləşib - <span style="color: red;">FOTOSESSİYA
# 29 dekabr 2012 08:33 (UTC +04:00)

 APA-nın məlumatına görə, rayonun sürüşməyə meylli ərazilərindən olan Muğanlı kəndində son günlər bir neçə ev qəzalı vəziyyətə düşüb. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, ötən il yaşayış məntəqəsinin aşağı hissəsindən başlayan torpaq sürüşməsi artıq kəndin yuxarı hissəsində də evlərə ciddi ziyan vurub.

Məlumata görə, son bir ayda havaların yağışlı və qarlı keçməsi səbəbindən kənddə sürüşmə xeyli aktivləşib, bəzi evlərdə böyük çatlar əmələ gəlib. Sakinlər evlərin uçmaması üçün dirəklərdən istifadə edirlər. Muğanlı kəndində ötən il baş verən torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni mənzillərin inşası davam etdirilir. Qəzalı evlərin bir çoxunda hələ yaşayış olsa da, bəzi insanlar gecə öz evlərində yata bilmədiklərini, qohum və ya qonşuların evində qaldıqlarını bildirirlər.

 

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Muğanlı kəndinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə bu ilin sentyabrında başlanılıb və hazırda işlər davam etdirilir. Ümumilikdə 14 hektar ərazidə 62 evin, eləcə də məktəb və digər sosial obyektlərin inşası nəzərdə tutulub. Bu günədək bütün evlərin hörgü işləri başa çatdırılıb, dam örtüyü, qapı-pəncərələri quraşdırılıb, hazırda otaqlarda döşəmə və tavan işləri görülür.

 

İşlərin yeni ilədək başa çatdırılması nəzərdə tutulsa da, Şamaxıda havaların bir aydır ki, qarlı-şaxtalı keçməsi səbəbindən evlərin tikilib təhvil verilməsi işləri ləngiyir.

 

Bundan əlavə, Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 22 fərdi yaşayış evinin, Şamaxı şəhərində isə 5 ailə üçün tikilən 2 mərtəbəli yaşayış binasının inşası başa çatdırılıb. Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 ev ziyan çəkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR