Bakı. Gülnar Bəşirova - APA. “Qadınların rəhbər vəzifədə çalışması ilk növbədə özlərindən asılıdır”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
S.Qəhrəmanova bildirib ki, artıq rayonlarda 60-a yaxın qadın İcra Hakimiyyətlərində müavin vəzifəsini tutur: “Onlar bu gün müavindirlər, sabah İcra Hakimiyyətlərinin başçısı da olacaqlar, başqa vəzifələrdə də çalışacaqlar. Yəni artıq kadr potensialı bu gün yetişərək gəlir”.
Kadr yetişdirmək məsələsinin çox böyük bir proses olduğunu söyləyən komitə rəsmisi qeyd edib ki, hər insanı hər vəzifəyə qoymaq olmaz: “Hər insan idarəçiliklə məşğul ola bilməz. Hər qadın o məsuliyyəti öz üzərinə götürə bilmir. Yəni bunu güclü qadın öz üzərinə götürür”.