Bakı. Könül Kamilqızı-APA. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kremli-qənnadı məmulatlar və mayonez məhsulları üzərində yoxlamalar aparacaq. RGEM-nin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, yoxlamalar zamanı plana uyğun olaraq hər bir məhsul üzərində laborator-tədqiqat işləri həyata keçiriləcək. Onun sözlərinə görə, ilin ikinci yarısında artıq ət və süd məhsulları üzərində yoxlama işləri başa çatıb: “Müxtəlif məhsullar üzərində yoxlamalar ildə iki dəfə keçirilir. İlin əvvəlində yoxlamadan keçirilən məhsullar üzərində ikinci yarısında da müəyyən laborator tədqiqatlar aparılır. Məhsulların hər bir dövrə uyğunluğunu yoxlamaq məqsədilə müayinələr müxtəlif dövrlərdə seçmə yolu ilə icra olunur. Bütün yoxlamalar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Amma bəzi şikayətlər və ya qida zəhərlənmələri hadisələri qeydə alınarsa bu barədə əlavə işlər görülür”.