Bakı. Könül Kamilqızı-APA. Bu il ərzində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərdə müəyyən yoxlamalar aparılıb. Yoxlamaların nəticəsi barədə APA-ya açıqlama verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov deyib ki, müvafiq dövr ərzində mərkəzin yerli şöbələri və respublikanın yerli mütəxəssisləri tərəfindən araşdırmalar davam etdirilib. yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən 314 təhsil müəssisəsindən yaxma nümunələri, bakterioloji, kimyəvi və laborator müayinələr götürülüb. Bu müayinələrin nəticələrinə görə, sanitar-gigiyenik qaydalarının gözlənilməməsi, epidemiya rejiminin pozulması ilə əlaqədar Bakı şəhəri üzrə fəaliyyət göstərən 314 məktəbdə 36 nəfər məsul şəxs cərimə olunub.
“Paytaxtın 314 məktəbindən 71-i əsaslı təmir edilib, qalanları isə yeni məktəblərdir. Lakin cərimə sanksiyaları əsasən təmirə ehtiyacı olan və gigiyenik normalarla bağlı müəyyən tələbləri pozulan məktəblərdəki 36 məsul şəxsə tətbiq edilib. Bu göstəricilər əsasən 2012/2013-cü tədris ilinin birinci yarım ilində qeydə alınıb. Növbəti mövsümdə də bu yoxlama və tədqiqatlar davam etdiriləcək”.