Bakı. Könül Kamilqızı – APA. “Son illər Azərbaycanda idmanın kütləviliyi əvvəlki dövrlərlə müqayisədə qat-qat artıb. Bunun nəticəsində Azərbaycan mötəbər idman yarışlarına ev sahibliyi edir, ölkə idmançıları isə müxtəlif beynəlxalq tədbirlərdə daha çox medal qazanırlar”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov “I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi”nin açılış mərasimində deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğı nəticəsində son 10 ildə Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb.
“Gənclər və İdman Nazirliyi də öz növbəsində fəaliyyət göstərdiyi 18 il ərzində həm ümummilli lider Heydər Əliyev, həm də prezident İlham Əliyevin etimadını yüksək səviyyədə doğrulda bilib. Azərbaycan bu gün əhalinin sayına görə, dünyada 89-cu yeri, ərazisinə görə 112-ci yeri tutur. Amma Azərbaycan idmanları yüksək nəticələr göstərərək ölkənin adını daha yüksəklərə qaldıra bilirlər”, - deyə o əlavə edib.