APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bununla əlaqədar obyektiv tədqiqat aparmaq və bunun nəticələrini ölkə ictimaiyyətinə açıqlamaq lazımdır. M. Mərdanov bildirib ki, repetitorluq dünyada və Azərbaycanda həmişə olub: “Bu gün də var və yəqin ki, gələcəkdə də olacaq. Repetitorluğa iki cür yanaşıram. Bunun təhsil üçün müsbət və mənfi təsirləri var. Repetitorluq təhsilin inkişafına mənfi təsir göstərirsə, buna qarşı etiraz edərək mübarizə aparılmalıdır. Bu proseslər gələcək illərdə də aparılacaq”.
Ölkədə son 5 ildə tətbiq edilən kurrikulum sisteminin gələcəkdə repetitorluğun qarşısını alıb-almayacağına gəlincə, nazir qeyd edib ki, bunun qarşısını almağın yolları bəllidir. Onun fikrincə, vaxtilə müəyyən beynəlxalq təşkilatlar bu sahədə tədqiqat aparıb və bununla bağlı təkliflərini bildiriblər.
Nazir ölkədə kurrikulumun tətbiqi ilə bağlı davamlı olaraq monitorinqlərin aparılacağını da deyib. O qeyd edib ki, bu proses gələcəkdə də davam etdiriləcək: “Kurikulum Azərbaycan təhsili üçün yeni bir məsələdir. Hər bir yeniliyin özünün çətinliyi olur. Ona görə də hər bir yenilik tətbiq edilərkən proses öyrənməli və bütün məsələlər nəzərə alınmalıdır. Bunları öyrəndikdən sonra işlərimizi davam etdirəcəyik”.