Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində “Ümumi təhsildə kurrikulum islahatı və onun idarəolunması” mövzusunda təlim kurslarının təşkili vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müşavirədə təhsil naziri Misir Mərdanov son 5 ildə yeni fənn kurrikulumlarının tətbiqi ilə bağlı müəyyən işlərin görüldüyünü, ötən müddət ərzində 73 000 müəllimin müvafiq kurslardan keçərək zəruri bilik və bacarıqlara yiyələndiyini söyləyib. Misir Mərdanov bildirib ki, VII-XI siniflərin fənn kurrikulumları üzrə dərs aparacaq müəllimlər üçün müvafiq təlim kursları növbəti illərdə də davam etdiriləcək.
Misir Mərdanov Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi və Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqinin aparıldığını, təlimlər başa çatdıqdan sonra monitorinqin nəticələrinə dair arayışların müzakirəyə təqdim olunacağını bildirib. Monitorinq nəticəsində ümumilikdə təlimlərin yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir eyni zamanda bir sıra problemlərin də aşkarlandığını, bugünkü müşavirənin də məhz onların vaxtında aradan qaldırılması məqsədilə keçirildiyini söyləyib. Təhsil naziri həmin problemlərin bir neçəsini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, təlim keçən təşkilatlar növbəti mərhələlərdə onların həllinə nail olmalıdırlar.