Bakı. Könül Kamilqızı – APA. 2013-2014-cü tədris ilində ibtidai siniflərdə, V-VI siniflərdə işləyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçməyən müəllimlər üçün kurslar təşkil ediləcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimlər ibtidai sinif və 13 fənn müəllimi üçün nəzərdə tutulub. İlkin proqnozlara görə bu təlimlər 50 min müəllimi əhatə edəcək.
2012-2013-cü tədris ilində təlimlər respublikanın şəhər və rayonları üzrə 5 bölgədə keçirilib. Bu tədris ilində ölkə üzrə 39553 müəllimin təlimlərdən keçirilməsi və təlimlərə ümumilikdə 551 təlimçinin cəlb olunması nəzərdə tutulub. Müqavilə şərtlərinə uyğun olaraq hər bir təşkilat keçirilmiş təlim kurslarının nəticələri barədə hesabat hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Təlimlərdə ümumilikdə 37545 müəllim iştirak edib, onlardan 18199-na I, 18831-nəfərinə II dərəcəli, 515 nəfərə isə "İştirakçı" sertifikatları verilib. Naxçıvan Muxtar Respublikasında Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılmış təlim kurslarında 173 nəfər müəllim iştirak edərək təlimçi sertifikatı alıb, həmin təlimçilər tərəfindən V siniflərlə işləyəcək 2000 müəllim təlimdən keçirilib.