Bakı. Ramil Məmmədli - APA. “Məktəbli formalarının hamıya münasib olması üçün onların qiymətinə maksimum diqqət yetirilməsini tövsiyə edirik”.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, məktəbli formalarının tikilməsi ilə məşğul olan təşkilatlar bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərdiyi üçün həmin qurumlara bu məsələdə daim diqqətli olmaq tövsiyə edilir: “Bu baxımdan Təhsil Nazirliyinin tələbi yalnız ondan ibarətdir ki, məktəbli formaları müvafiq dövlət qurumlarının müəyyənləşdirdiyi standartlara cavab versin”.
Məlumatda o da qeyd olunub ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir: “Məktəbli formaları Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq olunmuş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na daxil deyil.