Bakı. Könül Kamilqızı-APA. Təhsil Nazirliyi tərəfindən bir sıra normativ hüquqi sənədlər hazırlanıb. Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya bildirib ki, Təhsil Nazirliyi tərəfindən hazırlanan normativ hüquqi sənədlərə “Ali təhsil müəssisəsinin kitabxanası haqqında” nümunəvi əsasnamə, “Ali təhsil müəssisənin nəzdində texnopark haqqında” əsasnamə, “Ali təhsil müəssisələrində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında” əsasnamə və “Tələbə Elmi Cəmiyyəti (TEC) haqqında” nümunəvi əsasnamə və digər məsələlər də daxildir: “Normativ hüquqi sənədlər həftə ərzində təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Bu sənədlər bir dəfə Nazirlər Kabinetinə göndərilsə də rəylərin dəyişilməsi üçün geri qaytarılmışdı. İndi isə yeni rəylər əlavə edildikdən sonra normativ sənədlər ilk öncə Ədliyyə Nazirliyinə göndəriləcək. Onlar razılıq verəndən sonra sənədlər Nazirlər Kabinetinə təqdim olunacaq. Amma bütün bu işlərin bu həftə ərzində yekunlaşması nəzərdə tutulur”.
G. Hüseynova əlavə edib ki, bu sənədlərdə nəzərdə tutulan bir çox məsələlər Azərbaycan elmi üçün yenilikdir. Onun sözlərinə görə, bu vaxta kimi ali təhsil müəssisələrində texnoparklar olmayıb: “Bu Azərbaycan təhsili üçün tamamilə yeni bir işdir. Kitabxanalarda bağlı məsələyə gəlincə, burada əsas elektron kitabxanaların yaradılması ilə bağlı işlər görülür”.