Bakı. Könül Kamilqızı-APA. Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov ali təhsil sahəsində görülən işlərdən danışıb. Nazir qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib, yeni kampuslar istifadəyə verilib və bu təhsil ocaqlarının akkreditasiyası mexanizmi daha da təkmilləşdirilib. Misir Mərdanov 2010-2012-ci illərdə 20 universitetin akkreditasiyadan keçirildiyinə diqqət çəkərək, ali məktəblərdə tədrisin kredit sistemi ilə təşkili istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib.
Daha sonra təhsil nazirinin təqdimat-məruzəsində toxunduğu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə ali məktəb rektorları fikirlərini bildirərək təkliflərini veriblər. Sonda ali təhsil sahəsində həlli vacib olan müəyyən məsələlərin müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yenidən müzakirə olunması qərara alınıb.