Bakı. Könül Kamilqızı-APA. 2012/2013-cü tədris ili üzrə respublikanın orta məktəblərinin məlumat bazası bu həftə tam hazır olacaq. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bazada Naxçıvan Muxtar Respublikası istisna olmaqla, respublikada fəaliyyət göstərən bütün orta məktəblərlə bağlı məlumatlar yerləşdirilib. Buray orta məktəblərin I-XI sinif şagirdləri, məktəbdə çalışan işçilər, maddi-texniki baza haqqında məlumatlar daxildir.
Bu günə kimi bazaya Bərdə və Göygöl rayonları istisna olmaqla 1 197 916 şagird, Göygöl istisna olmaqla 206 min müəllim heyəti haqqında məlumat yerləşdirilib. Bərdə və Göygöl rayonlarından tələb olunan məlumatlar isə yaxın günlərdə Təhsil Nazirliyinə təqdim ediləcək. Bazadakı məlumatların daim yenilənməsi nəzərdə tutulur.