TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qərar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Dəyişikliklərə əsasən, buraxılış imtahanında əldə etdiyi nəticədən asılı olmayaraq buraxılış imtahanına buraxılan bütün təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılacaq. Buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürüləcək. Eyni qayda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında 2 qiymət alan təhsil alanlara tətbiq ediləcək.
Digər dəyişikliyə əsasən tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara tədris dilində 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir. Sağlamlıq imkanları məhdud təhsil alanlar psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilirlər. Onların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) illik qiymətlər əsasında aparılır.