APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadənin sözlərinə görə, aşağı keçid balı ilə yalnız təhsil haqqı yüksək olan özəl ali məktəblərə qəbul mümkün olacaq: “Dövlət sifarişli yerlərdə bu il keçid balları aşağı olmayacaq. Dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq istəyən abituriyent 550-dən aşağı bal toplamamalıdır. Elə ixtisaslar var ki, hətta orada abituriyent ödənişli əsaslarla təhsil almaq istəsə belə, gərək 500 baldan yuxarı nəticə göstərməlidir”.
M. Abbaszadə onu da vurğulayıb ki, bu il də Azərbaycan Tibb Universitetinə, eyni zamanda hüquqşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər 500 baldan yuxarı nəticə göstərməlidirlər. O qeyd edib ki, qızlar ödənişsiz təhsil almaq üçün daha çox orta ixtisas məktəblərinə sənəd verirlər.