Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda təhsil sistemi təhsil alanların maraqlarını müdafiə etməlidir, təhsil sisteminin, təhsil sistemində işləyənlərin yox. Bizim üçün təhsil almaq marağı əsasdır”.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, gənclər təhsil almaq istəyirlərsə, onlara şərait yaratmaq lazımdır: “Gənclərin təhsil almaq istəyinin olması çox vacibdir. Çünki elə ölkələr var ki, gənclərdə təhsil almaq marağı yoxdur. Balların aşağı salınmasının səbəblərindən biri də gənclərimizin təhsil ətrafındakı işgüzar adamların təsirinə düşməsini istəməməyimizdir. Ukraynada ali məktəblərə imtahan keçirilmədən attestatla birbaşa qəbul da bu sıradandır”.
TQDK sədri bu il qəbul imtahanlarında abituriyentlərin göstərdikləri nəticələrə də aydınlıq gətirib. O qeyd edib ki, bu il abituriyentlərin nəticələri keçən illə müqayisədə 1-2 faiz aşağıdır: “Yekun nəticələr imtahanlar bitəndən sonra açıqlanacaq. Biz ümumilikdə nəticələrin yaxşılaşdığını söyləyə bilmərik”.