Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib.
APA-nın xəbərinə görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada Türkiyədən gələn qonaqlar da iştirak edib.
Elmi Şurada ortaq Türk tarixinin yazılması ilə bağlı məsələlər müzakirə edilib. İnstitutun direktoru Yaqub Mahmudov ortaq Azərbaycan-Türkiyə tarixinin yazılması ilə bağlı işlərin davam etdiyini, artıq uzun illərdir ki, Azərbaycanın orta və ali məktəblərində türk xalqlarının tarixinin geniş tədris olunduğunu, Azərbaycan tarixinə dair elmi əsərlərin, kitabların Türkiyə türkcəsinə tərcümə edilməsinin və arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq edilməsinin planlaşdırıldığını qeyd edib.
Şurada çıxış edən professor Dr. Seyit Sertçelik Türkiyədə Azərbaycan-Türkiyə ortaq tarixinin yazılması ilə bağlı görülən işlər barədə məlumat verib. O, tarixi səbəblər üzündən bu günədək ortaq türk tarixinin yazılmadığını, lakin bundan sonra bu işin həyata keçirilməsi üçün çalışacaqlarını bildirib. Professor Dr. Seyit Sertçelik “Tarixdə erməni məsələsinin meydana gəlməsi” mövzusunda maraqlı məruzə ilə çıxış edib.
Elmi Şurada məsələ ətrafında Türkiyə Böyük Millət Məclisinin üzvüləri Tülay Selamoğlu, Şuay Alpay, Elmi Şuranın üzvüləri professor Fəzail İbrahimli, t.ü.e.d. İradə Bağırova, t.ü.f.d. Güntəkin Nəcəfli, professor Tofiq Mustafazadə, t.ü.e.d. Cəbi Bəhrəmov, t.ü.e.d. Qasım Hacıyev çıxış ediblər. Qərara alınıb ki, ümumtürk tarixinin yazılması üçün qüvvələri birləşdirilsin, Orta Asiyanın türk dövlətləri, Rusiya, Ukrayna və digər ölkələrin türk tarixçiləri ilə əməkdaşlıq genişləndirilsin.