Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DMSF) sədri Səlim Müslümov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqunla görüşüb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanın sığorta-pensiya sistemi barədə ətraflı məlumat verən S.Müslümov nəzərə çatdırıb ki, həyata keçirilən islahatlar nəticəsində vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.
Görüşdə səfirin diqqətinə çatdırılıb ki, hazırda 2 150 mindən artıq sığortaolunana (bunlardan 13 272 nəfəri xarici ölkələrin vətəndaşlarıdır) sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb. Fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş ölkənin vətəndaşları digər ölkələrlə müqayisədə çoxdur. Ümumilikdə Fondun fərdi uçot sistemində 95 ölkənin vətəndaşları qeydiyyatdadır və onların 58,2%-i Türkiyə vətəndaşlarıdır.
Görüş çərçivəsində Türkiyə səfiri Fondun mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri ilə yaxından tanış olub. Bildirilib ki, müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün Fondun 3 departamenti və 82 rayon (şəhər) şöbəsindən 77 şöbə yeni müasir ofis binaları ilə təmin olunub, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək Fondun korporativ şəbəkəsi formalaşdırılıb. Son dövrlər sistemdə əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilərək, bu xidmətlərin sayı 20-yə çatdırılıb.
Görüşdə iki ölkənin sığorta-pensiya sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə də müzakirələr aparılıb.