Bakı. Gülnar Bəşirova - APA. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticəsi yaxın günlərdə açıqlanacaq.
Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. O bildirib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində ümumilikdə 71 binada təşkil olunub və bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanılıb.
Qeyd edək ki, avqustun 25-də 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib.