Bu barədə APA-ya açıqlama verən UNİCEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiə proqramının rəhbəri Munir Məmmədzadə deyib ki, Ombudsman Aparatı və müvafiq QHT-lərlə birgə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəsi, Təhsil Nazirliyi nəzdində Qubada fəaliyyət göstərən xüsusi peşə məktəbi və digər müvəqqəti saxlama təcridxanalarında xüsusi araşdırma həyata keçirilib. Onun sözlərinə görə, araşdırma zamanı daha çox prosessual qaydaların pozulması, uşaqlara qarşı zorakılıq məsələləri nəzərdə keçirilib: “Araşdırma zamanı saxlanılan uşaqların hüquqları ilə bağlı müəyyən çətinliklərin və problemlərin olduğu aşkarlanıb. Bu istiqamətdə tövsiyələr müvafiq qurumlara ünvanlanıb”.
UNİCEF rəsmisi əlavə edib ki, gələn ilin əvvəlində Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı təhlil aparılacaq. Onun sözlərinə görə, təhsil, səhiyyə və digər sahələri əhatə edəcək təhlillərə yanvar ayından başlanacaq: “Yəqin ki, mart ayında ilkin nəticələri açıqlamaq mümkün olacaq”.