Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə rəhbəri Tahir Məmmədli deyir ki, Xəzərin bu zonasında tez-tez zəlzələ baş verir: "Zəlzələnin gücü azdır, hiss olunmur. Ümumiyyətlə, Xəzər dənizin bu zonalarında tez-tez belə zəlzələlər qeydə alınır. Çünki burada Mahaçqala-Türkmənbaşı adlandırılan aktiv qırılma keçir. Bakı şəhərini ən yüksək titrəməyə məruz qoyan zona Xəzərdə yerləşir. Ona görə də harada və nə vaxt zəlzələ olacağı bəlli olmur. Seysmik təhlükəyə isə hər an hazır olmalıyıq".
Xəzərdə seysmik stansiyaların quraşdırılması məsələsinə gəlincə, T.Məmmədli bildirib ki, hazırda dənizdə müvafiq yerlərdə layihələndirmə işləri görülür. Onun sözlərinə görə, cihazlar Azərbaycanın sifarişi ilə hazırlanıb. Həmin stansiyalar baş verən zəlzələlərin digər parametrlərinin yerləşdirilməsində və qeydə alınmasında əhəmiyyətli olacaq: "Seysmik cihazlar Amerikadan alınıb Bakıya gətirilib. Bir neçə aydan sonra həmin cihazlar Xəzərdə yerləşdiriləcək. Cihazların biri 500 min dollara alınıb. Hazırda 3 stansiya var. Gələcəkdə sayının artırılması nəzərdə tutulub. Dəniz dibində yerləşdirilən cihazlar dünyanın az sayda ölkələrində var. Bizim sifarişimizlə eksklüziv olaraq Azərbaycan üçün hazırlanıb. Yəni serial şəkilində buraxılmır. O cihazları biz almışıq".
T.Məmmədli onu da əlavə edib ki, ötən il Zaqatala və Balakəndə baş verən zəlzələ ocaqları artıq sönmüş hesab olunur: "Azərbaycan bütünlüklə təhlükəli zonadır. Respublikada seysmikliyin fon səviyyəsi 8 hesab edilir. Amma Şamaxı, İsmayıllı zonası daha aktiv və təhlükəlidir. Ən yüksək 9 ballıq zonadan əlavə 10 ballıq zəlzələ olmaq ehtimalı mümkündür".
Qeyd edək ki, martın 10-da baş verən təkanlar Xəzər dənizində, Qala stansiyasından 120 km şərqdə və Bakı şəhərindən 139 km şərgdə qeydə alınıb.