Zərdab. Zahid Abışov – APA. Zərdab şəhərində “Müasir mərhələdə fəal ədəbiyyat dərslərinin təşkili: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, konfransda Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Arif Əmrahoğlu, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Bilal Həsənli, Zərdab rayon Təhsil şöbəsinin müdiri və müəllimlər iştirak edib.
Konfransı giriş sözü ilə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev açıb. B. Babayev interaktiv təlim metodlarının əhəmiyyətini qeyd edərək vurğulayıb ki, interaktiv təlim idrakı və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq rejimində fəaliyyət göstərirlər.
Sonra “Müasir mərhələdə fəal (interaktiv) ədəbiyyat dərslərinin təşkili: mövzusunda Bilal Həsənlinin, “Ədəbiyyat dərslərində bədii mətn və interaktiv metod” mövzusunda Arif Əmrahoğlunun məruzələri dinlənilib.
Daha sonra məruzələr ətrafında çıxışlar olub.