“Cəbrayıla 2022-ci ilin oktyabr ayında 33 baş ceyran buraxılıb. Bu tədbirlərin 2023-cü ildə də davam etdirilməsi planlaşdırılır”.
APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, məqsəd tarixən mövcud olmuş və ya düşmənlər tərəfindən nəsli kəsilmiş bəzi heyvan növlərinin ərazidə bərpa olunması istiqamətindədir:
“Bu tədbirlərdə bezuar keçiləri, “Qırmızı kitab”a düşən nəcib maralların ərazilərə buraxılması nəzərdə tutulub. Bu əraziyə buraxılan ceyranlar artıq Füzuli rayonu ərazisində də müşahidə olunmağa başlayıb. Bu da ondan xəbər verir ki, artıq əraziyə tam adaptasiya gedib. Həmin ceyranlar Şirvan Milli Parkı ərazisindən tutularaq gətirilən ceyranlardır. Yəni buradakı iqlimə də, yemə də uyğunlaşıblar. Əlavə olaraq, balıq buraxılışı da neçə ildir davam edir. Xüsusilə qızıl xallı farelin “Qırmızı kitab”a düşən növünü qeyd etmək istəyirəm. 2023-cü ildə də həm bu növün, həm çəki balıqlarının təbii su hövzələrinə buraxılması nəzərdə tutulub”.
İqrar Eyvazov