Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, qəzaya uğramış avtomobildə zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “qəza etmiş” avtomobildən təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”. Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.