Rusiyanın Nijni Novqorod şəhərində “Mehriban” Azərbaycan qadınları cəmiyyəti fəaliyyətə başlayıb

Rusiyanın Nijni Novqorod şəhərində “Mehriban” Azərbaycan qadınları cəmiyyəti fəaliyyətə başlayıb
# 27 avqust 2016 01:21 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiyanın Nijni Novqorod şəhərində “Mehriban” Azərbaycan qadınları cəmiyyəti fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə,cəmiyyətin fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə yeni cəmiyyətin yaranması və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsinin nəzdində Qadınlar şurası qismində fəaliyyət göstərəcəyi elan edilib.

ÜAK regional bölməsi rəhbərliyinin də iştirakı ilə keçirilən tədbirdə yerli Azərbaycan icması qadın fəallarının səylərinin mütəşəkkil qaydada bir cəmiyyətdə birləşdirilməsi zərurəti vurğulanıb.

Toplantını açan ÜAK Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov qeyd edib ki, ÜAK-ın daha da sistemli və fəal işi üçün Qadınlar şurasında ehtiyacı var. “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günündə “Mehriban” cəmiyyətinin açılması icmamızın həyatında simvolik və əlamətdar hadisədir”, - deyə A.Səmədov bildirib.

ÜAK Nijni Novqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev isə qeyd edib ki, yeni yaranmış “Mehriban” cəmiyyətinin adı rus dilinə tərcümədə “dost, xoş münasibət bəsləyən, səmimi, isti, şəfqətli, geniş qəlbli” mənalarını verir. “Məhz bu söz və onun mənaları Azərbaycan və Rusiya arasındakı, xalqlarımız arasındakı çoxəsrli dost əlaqələrin durumu və ruhunu olduqca gözəl şəkildə və dəqiq səciyyələndirir. Elm, mədəniyyət, sağlamlıq, təhsil və humanitar sahədə digər əhəmiyyətli lahiyələrin həyata keçirilməsi işində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva özünün çoxşahəli fəaliyyəti, qabaqçıl təşəbbüsləri, şəxsi xidmətləri və fəal səyləri ilə həm ölkə əhalisinin sosial rifahının, həm də Azərbaycanın beynəlxalq arenada imicinin möhkəmləndirilməsinə nəhəng tövhə verir. Sevindiricidir ki, bu müstəvidə Azərbaycanla Rusiya arasında mövcud olan sıx əməkdaşlıq xüsusi yer tutur”, - deyə R.Ağayev vurğulayıb.

“Mehriban” Azərbaycan qadınları cəmiyyətinin sədri seçilmiş Məhəbbət Məmmədova çıxışında qeyd edib ki, Nijni Novqoroddakı Azərbaycan qadınlarının cəmiyyəti üçün “Mehriban” adı daşımaq və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günündə fəaliyyətə başlamaq həm olduqca böyük şərəf, həm də böyük məsuliyyətdir. Onun sözlərinə görə, ayrı-ayrılıqda fəal qadınlarımız icmamızın işində iştirak edib və etməkdə davam edir, lakin Azərbaycan xalqının zəngin milli-mədəni irsinin təblıği və Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin daha da möhkəmlənməsi naminə vahid bir cəmiyyətdə birləşib quruculuq fəaliyyəti davam etdirmək vaxtı artıq çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR