“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda dəyirmi masa keçirilir

“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda dəyirmi masa keçirilir
# 30 sentyabr 2016 10:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda dəyirmi masa keçirilir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollini bildirib ki, bütün insan fəaliyyəti ətraf mühitə təsir edir: “Hər birimiz istənilən halda ətraf mühitə təsir edirik. Müəssisələr, şirkətlər var ki, onlar bazar şəraitinə uyğunlaşıblar. Enerji məsələsi davamlılığın əsas məğzidir. Hidrokarbonlar dünyada daha çox istifadə olunur. Bunu azaltmaq olar. Tullantıların yenidən istifadə olunması məsələsi, su təminatı və digər məsələlər də ekoloji problemlər yaradır. Ümumiyyətlə, mən düşünürəm ki, bu problemlərin qarşısını almaq üçün iqtisadi qanunlara əməl etmək və gənclərin potensialından istifadə etmək lazımdır".

Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ÜDM istehsalına görə dünya ölkələrinin enerjidən istifadə səviyyəsini müqayisə edib: “Davamlı inkişaf indikatorları əslində sosial indikatorlardır. ÜDM-də enerjidən az istifadə edilərsə, bu, həm ətraf mühitə xeyirdir, həm də qənaətdir. İnkişaf etmiş ölkələrə baxdıqda görürük ki, məsələn, ABŞ-da 1000 dollar səviyyəsində ÜDM istehsal etmək üçün 100 enerji vahidindən istifadə edir. Amma Azərbaycanda bu göstərici 89-dur. Bu göstəricilər innovativ idarəçilik sayəsində mümkün olub”.

ABŞ-ın Arizona Dövlət Universitetinin professoru Edvard Preskott çıxışında şərq ölkələrinin artıq davamlı inkişaf səviyyəsinə görə qərb dövlətlərini üstələdiyini deyib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dünya ölkələrinin ekoloji problemlərlə bağlı xeyli səhvlərə yol verdiyini diqqətə çatdırıb: "Əvvəllər yol verdiyimiz səhvləri təkrar etməməliyik. Məsələn, illərlə müzakirələr keçirilir, “ekoturizm”, “ekoiqtisadiyyat” deyilir. Amma dərinə gedəndə görürsən ki, bunun ekologiyaya heç aidiyyəti yoxdur. Resurslardan düzgün istifadə edilməməsi bizə böyük problemlər yaradıb. Hazırkı dövrdə heç bir ədəbiyyat, təhsil sadə həyatı dəstəkləmir. Bəs onda ekosivilizasiyadan necə danışmaq olar?.."

Tədbir fasilədən sonra davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR