Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının sessiyasında iştirak edib

Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının sessiyasında iştirak edib
# 06 oktyabr 2016 13:16 (UTC +04:00)

Bakı - APA-Economics. 3-5 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 56-cı sessiyası keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sessiyada komitə sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Assambleyanın sessiyasında çıxış edən komitə sədri əqli mülkiyyət hüquqlarının qorunması üzrə ÜƏMT-nin fəaliyyətinin ölkəmiz üçün maraq kəsb edən istiqamətlərini qeyd edib. Ölkə rəhbərliyinin insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafını pioritet müəyyən etdiyini vurğulayan R. Həsənov ölkəmizdə yüksək texnologiyalar və innovasiyalara dəstək olacaq müasir patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

Səfər çərçivəsində təşkilatın baş katibi Frensis Qarri ilə R. Həsənovun görüşü olub. Milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F. Qarri Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı imzalanmış Anlaşma memorandumunun icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb.

R. Həsənov söhbət zamanı təşkilatın Bakıda xarici ofisinin təsis olunmasında marağımızı bir daha vurğulayıb. Məsələ ilə əlaqədar baş direktor F. Qarri üzv ölkələrin regional qrupları arasında konsensusdan asılı olaraq xarici ofislərin təsis olunacaq bölgələr arasında ardıcıllığının müəyyənləşəcəyini qeyd edib.

Sonra ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirilib, birgə gələcək fəaliyyət, maraq kəsb edən sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğu müzakirə edilib. Eyni zamanda Assambleya zamanı bir sıra ölkələrin patent qurumlarının nümayəndələri ilə ikitərəfli əməkdaşlıq perspektivləri və təşkilat çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR