Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında təmsil olunur

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında təmsil olunur
# 07 sentyabr 2016 16:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 29-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkası başlayıb. APA-nın Moskva müxbirinin məlumatına görə, Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən və kitab sahəsində dünyanın ən nüfuzlu sərgilərindən sayılan tədbirdə Azərbaycan öz stendi ilə təmsil olunur.

Azərbaycanın stendini Mədəniyyət və Turizm Nazirliyi təşkil edib. Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli APA-ya açıqlamasında Azərbaycanın hər il Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında iştirak etdiyini söyləyib: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təkcə Moskvada deyil, dünyanın bir sıra ölkələrində keçirilən kitab sərgilərinin mütəmadi iştirakçısıdır. Moskva Kitab Sərgisi Yarmarkası dünyada sayıb-seçilən sərgilərdən biridir. Azərbaycan tarixi və mədəniyyəti haqqında rusiyalı oxucunun kitablar vasitəsilə məlumata malik olması sərginin bizim üçün əhəmiyyətini artırır. Rusiyalı oxucuya bu gün Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, turizm potensialı və ən əsası da, Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi həqiqətləri əks etdirən kitablar təqdim olunur. Qarabağ həqiqətləri ilə bağlı nümayiş etdirdiyimiz kitabların sayı kifayət qədərdir. Bunlara misal olaraq ermənilərin ən çox qıcıq olduğu "Qarabağ", "Qərbi Azərbaycanın abidələri" və erməni müəllif Robert Arakelyanın qələmə aldığı "Karabaxskiy tetrad" kitablarını göstərmək olar”.

E. Əli sərgidə nümayiş olunan kitabların əksəriyyətinin rus dilində olduğunu vurğulayıb: "Bununla yanaşı, Azərbaycan dilində və sərginin əcnəbi iştirakçıları üçün ingilis dilində olan kitabları da nümayiş etdiririk".

Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında Azərbaycanın stendindən bir az aralıda Ermənistan stendi quraşdırılıb. Ötən ildən fərqli olaraq, bu dəfə ermənilər sərgiyə az sayda kitab gətiriblər. Hər il stendlərini uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağa aid kitablarla dolduran ermənilər bu dəfə daha çox Ermənistan istehsalı olan orta məktəb ləvazimatları və erməni dilində olan kitablar nümayiş etdirirlər.

Qeyd edək ki, Rusiya və dünyanın bir sıra ölkələrinin 500-də çox nəşrinin iştirak etdiyi Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkası sentyabrın 11-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR