"Təmiz Şəhər" yerli və əcnəbi tələbələr üçün zavodlara tur təşkil edib

"Təmiz Şəhər" yerli və əcnəbi tələbələr üçün zavodlara tur təşkil edib
# 07 sentyabr 2016 10:47 (UTC +04:00)

Bakı - APA-Economics. "Təmiz Şəhər" ASC tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına turların təşkili davam etdirilir.

ASC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, zavodlara növbəti tur sentyabrın 5-də mübadilə proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq yay məktəbinə qatılan əcnəbi və yerli tələbələr üçün təşkil olunub.

Yerli və Avropanın müxtəlif təhsil ocaqlarını təmsil edən gənclər zavodlarda iş prosesi ilə yaxından tanış olub, onlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir.

Tullantının təkrar emala yararlı olmayan hissəsi isə Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir. Ən qabaqcıl 4G texnologiyası ilə inşa edilən bu zavodda tullantılar yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və elektrik enerjisi alınır. Zavodda il ərzində hasil olunan enerji ilə 300 min əhalisi olan şəhər və ya rayonu bir il ərzində tam elektrik enerjisi ilə təmin etmək mümkündür.

"Təmiz Şəhər" ASC tullantıların idarə olunması istiqamətində mütəmadi olaraq maarifləndirici layihələr, aksiyalar keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR