Natiq Əliyev: “Növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq”

Natiq Əliyev: “Növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq”
# 11 mart 2016 09:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Ölkələr yalnız neft və qazdan deyil, bütün mümkün enerji mənbələrindən istifadə etməlidir”.

APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda panel müzakirələrində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N. Əliyev bildirib ki, hər bir ölkənin özünün enerji siyasəti olmalı, ölkə daxilində mövcud enerji mənbələrindən istifadə edilməlidir: “Azərbaycan neft hasil edən ölkədir. Hətta 100 il əvvəl Azərbaycanda mexaniki üsulla neft hasil edilib. Ölkə uzun illər tələbatını təmin edəcək enerji ehtiyatlarına malikdir. Bununla belə, bərpa olunan enerji istehsalı üçün əlverişli iqlimimiz var. Abşeron yarımadası və digər ərazilər çox vaxt küləkli olur, bu o deməkdir ki, külək enerjisinin istehsalı üçün də əlverişli şərait mövcuddur. Bundan başqa, il ərzində günəşli günlərin də sayı çox olur. Demək istəyirəm ki, Azərbaycanda iqlim şəraiti bərpa edilən enerjinin istehsalı üçün cəlbedicidir. Biz ənənəvi neft və qaz hasil edən ölkə olsaq da, İtaliya, İspaniya və digər Avropa ölkələrinin bərpa olunan enerji istehsalı sahəsində təcrübəsini öyrənirik”.

Nazir qeyd edib ki, növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR