Qənirə Paşayeva: “Avropa məcburi köçkünlərə münasibət məsələsində Türkiyəni örnək almalıdır”

Qənirə Paşayeva: “Avropa məcburi köçkünlərə münasibət məsələsində Türkiyəni örnək almalıdır”
# 27 yanvar 2016 13:05 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Aralıq dənizi: qeyri-qanuni miqrasiya axınının qapısı” və “Mütəşəkkil cinayətkarlıq və miqrantlar” adlı hesabatların müzakirəsi zamanı Azərbaycanın assambleyadakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Q. Paşayeva Avropa Şurasını azərbaycanlı məcburi köçkünlər də daxil olmaqla, köçkünlər məsələsinə biganəlikdə ittiham edib: “Mən bir neçə gün əvvəl Türkiyədə Suriya və İraqdan olan köçkünlərlə görüşdüm. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2014-də dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz assambleyanı buna çağırırıq. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda yalnız buraxdığını görürük. Türkiyənin 9 milyard dollara yaxın köçkünlərlə bağlı xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır. Eyni zamanda, müzakirə etdiyimiz məruzədə Türkiyədə köçkünlərin sayı 1,9 milyon göstərilib, amma rəsmi rəqəmlər 2,5 milyondur. Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayırımı qoymur. Amma təssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa çağırırıq. Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar. Səbəblərlə mübarizə güclənməzsə, köçkün sayı daha da artacaq və daha böyük problemlər ortaya çıxacaq. Ötən gün “Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi” adlı məruzənin səsverməsi zamanı ortaya cıxan üzücü mənzərə kimi münasibətə yol verməməlidir, assambleyada belə münasibət olmamalıdır. Öz evinə dönə bilməyən və assambleyadakı müzakirələri izləyən 1 milyon azərbaycanlı köçkünlərin nə qədər böyük üzüntü duyduğunu burada mənim üçün anlatmaq çox çətindir. Onlar çox üzgün oldular. Bunları söyləməkdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaqdır. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan bunun nəticələrini, ortaya çıxan acı durumları, faciələrı önləmək də çox çətindir. Bir düşünün, insanlar nədən evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq, fərq qoymadan dəstək göstərmək bütün Avropada, Avropa ölkələrində ilk öncə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir ».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR