Gənc Tamaşaçılar Teatrı Orenburqda keçirilən teatr festivalında iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı Orenburqda keçirilən teatr festivalında iştirak edəcək
# 25 aprel 2016 14:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Orenburq vilayətində keçirilən teatr festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 27-dən iyunun 2-dək davam edəcək “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında kollektiv L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edəcək.

Quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.

M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcəklər. İlk dəfə 1994-cü ilin yay aylarında baş tutmuş festival Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR