Səhiyyə Nazirliyi: Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir

Səhiyyə Nazirliyi: Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir
# 28 mart 2016 14:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda dünyada 50 milyondan çox insan, Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir.

Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Tutma zamanı xəstələrin yanında sakitliyi qoruya bilən və vaxtında yardıma yetişəcək insanların olması çox vacibdir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələgəlmə səbəbi beynin zədələnməsidir.

Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə “köhnə” və “yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzğün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir.

Qeyd olunub ki, son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib. Müxtəlif tədqiqatlar aparılıb və epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.

İlk dəfə epilepsiyalı xəstələr günü 26 mart 2008-ci ildə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR