Azərbaycanda güclü təsir edən maddələrdən istifadə edənlərə 8 ilədək həbs cəzası veriləcək

Azərbaycanda güclü təsir edən maddələrdən istifadə edənlərə 8 ilədək həbs cəzası veriləcək
# 18 mart 2016 09:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi, o cümlədən bununla əlaqədar Cinayət Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədə “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı” və “Zəhərli maddələrin siyahısı”nın təsdiq edilməsi təklif olunur.

Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında 81 maddə, zəhərli maddələrin siyahısında isə ilan zəhəri də daxil olmaqla, 22 maddənin adı var. Qeyd hissəsində bildirilir ki, siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq, güclü təsir edən maddələrə aiddir. Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə isə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə əlavə və dəyişiklik edilir. 240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən güclü təsir edən maddələrə münasibətdə satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. 240-cı maddənin “Qeyd” hissəsində edilən dəyişikliyə görə isə “külli miqdarda” sözündən əvvəl “güclü təsir edən maddələr” sözü əlavə edilir.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR