Tiflisdə “Azərbaycan və Gürcüstanda işğal altında olan abidələrin mövcud vəziyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Tiflisdə “Azərbaycan və Gürcüstanda işğal altında olan abidələrin mövcud vəziyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib
# 17 iyun 2016 23:17 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Qafqaz Beynəlxalq Universitetində Azərbaycanın mədəniyyət və turizm nazirliyinin dəstəyi, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin layihəsi çərçivəsində “Azərbaycan və Gürcüstanda işğal altında olan abidələrin mövcud vəziyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın dövlət qurumlarının nümayəndələri, QHT əməkdaşları, ekspert və tarixçilər, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı tələbələr, professor və müəllim heyəti, ekspertlər və jurnalistlərin iştirak etdiyi tədbirdə Azərbaycanın və Gürcüstanın işğal olunan torpaqlarındakı tarixi abidələrin vəziyyəti müzakirə olunub, fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Konfransda Azərbaycanın Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı-ekspert, professor Faiq İsmayilov, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, Qafqaz Beynəlxalq Universitetinin professoru, tarixçi alim Ketevan Şaşiaşvili, İnnovativ İdeyalar İnstitutunun direktoru, tarixçi-ekspert Ramil Süleymanov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova və başqaları çıxış edərək ermənilərin Azərbaycanın işğal olunan torpaqlarında törədilən vandalizm və vəhşilikdən, tarixi abidələrin məhv edilməsindən və erməniləşdirildiyindən, həmçinin müxtəlif bölgələrdə olan tarixi abidələri toplayıb xaricə satdıqları haqqında faktlardan söhbət açıblar.

Konfransda Gürcüstan və Azərbaycan təşkilatları hər iki ölkənin işğal altında olan torpaqlardakı tarixi abidələrlə bağlı UNESKO-ya ünvanlanmış bəyanat qəbul ediblər.

Tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan abidələri haqqında hazırladığı video film nümayiş etdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov jurnalistlərə açıqlamasında Azərbaycanın işğal olunan torpaqlarında 6 minə qədər tarixi abidə, 34 min mədəni irs nümunələrin qaldığı və indi yarıtmaz hala salındığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR