Pakistanda Azərbaycanın cümhuriyyət bayramı qeyd edilib

Pakistanda Azərbaycanın cümhuriyyət bayramı qeyd edilib
# 28 may 2016 10:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. 28 May - Respublika Günü münasibətilə Pakistanın paytaxtı İslamabad şəhərində təntənəli mərasim keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Pakistanın Federal təhsil, peşəkar təlim, daxili işlər və narkotiklərə nəzarət üzrə dövlət naziri Məhəmməd Baliğur Rəhmanın ali qonaq qismində qatıldığı tədbirdə Pakistan ordusunun generalları, digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərasimdə bildirilib ki, müstəqil Azərbaycan bu gün müasir dövlət quruculuğu yolunda irəliləyir, İslam dünyası ilə Qərb arasında mədəni körpü rolunu oynayır və öz müstəqilliyini qorumağa, gücləndirməyə qadirdir.

Bununla yanaşı, Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, Dağlıq Qarabağ münaqişəsində Pakistanın tam dəstəyindən, Azərbaycanın Pakistanda həyata keçirdiyi humanitar layihələrdən bəhs olunub.

Pakistanın Federal təhsil, peşəkar təlim, daxili işlər və narkotiklərə nəzarət üzrə dövlət naziri Məhəmməd Baliğur Rəhman çıxışında Azərbaycana səfərini xatırladaraq bildirib ki, Azərbaycan və Pakistanın bir-birinə münasibəti təmənnasızdır: “Pakistan Ermənistan işğalını ən sərt şəkildə qınayıb, Pakistan Senatı Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Azərbaycan həmişə çətin zamanlarda Pakistanın yanında olub, Heydər Əliyev Fondu Pakistanda çox önəmli humanitar layihələr həyata keçirib”.

Qonaqlar Azərbaycan həqiqətləri, iqtisadi və turizm potensialından bəhs edən kitab və broşurlarla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR