SOCAR: “Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır

SOCAR: “Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır
# 14 dekabr 2015 16:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economicsş. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə dekabrın 4-də qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssislərindən ibarət yaradılmış birgə işçi qrupun həyata keçirdiyi tədbirlər planı çərçivəsində əraziyə əlavə olaraq xüsusi təchiz edilmiş 6 gəmi cəlb olunub, onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft, nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur.

Xatırladaq ki, dünya təcrübəsində dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə əsasən iki tip - optik və radar peyk təsvirlərindən geniş istifadə olunur. Dekabrın 8-də “Günəşli” yatağı və onun ətrafının peyk çəkilişləri aparılmış və yataq ətrafında neft ləkələri müşahidə olunmayıb.

Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən çəkilmiş şəkillər olan ərazilər “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizinin radar tipli peyk təsvirlərini analiz edərək, “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələrin müşahidə edilmədiyini təsdiqləyib. Görülən işlər sübut edir ki, “Günəşli” yatağındakı qəza nəticəsində baş verə biləcək istənilən ekoloji fəsadın və ərazinin ekoloji durumuna mənfi təsir edə biləcək hadisələrin qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR