Şahidlər: "Beynəlxalq Bankdan adımıza götürülən kreditlərin hara xərcləndiyindən xəbərimiz olmayıb"

Şahidlər: "Beynəlxalq Bankdan adımıza götürülən kreditlərin hara xərcləndiyindən xəbərimiz olmayıb"
# 29 avqust 2016 15:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə "İnter Security" MMC-nin əməkdaşları ifadə veriblər.

Zaur Soltəliyev bildirib ki, şirkət rəhbərliyi tərəfindən bankın Nərimanov filialına göndərilib və adına götürülən kreditlə bağlı sənədlərə qol çəkib. Onun sözlərinə görə, qol çəkdiyi sənədlərin məzmunundan xəbərsiz olub.

Şirkətin digər əməkdaşı Namiq Quliyev qeyd edib ki, MMC-nin rəhbəri İbrahim Hüseynovun tapşırığı ilə Suraxanı filialına gedib və sənədlərə qol çəkib: "Mənim adıma kredit götürülməsindən sonradan xəbər tutmuşam".

Zaur Xəlilov isə ifadəsində qeyd edib ki, bankın Nəqliyyat filialından adına kredit götürülüb, o da sənədlərə qol çəkib.

Emin Abbasov isə bildirib ki, bankın Nəqliyyat filialından 5 milyon manat kredit götürüb və sənədə qol çəkib: "Bu pulun hara xərcləndiyindən xəbərimiz olmayıb. Biz yalnız sənədlərə qol çəkmişik. Adıma olan kredit isə tam ödənilib".

Sonra Beynəlxalq Bankın nümayəndəsi, zərərçəkmiş şəxs qismində Ağalar Ağaşirinov məhkəmə heyətinə arayış təqdim edərək, ittiham aktında qeyd olunan mənimsənilən 211 milyon manatın yalnız C. Hacıyevdən deyil, digər təqsirləndirilən şəxslərdən də tutulmasını istəyib.

O qeyd edib ki, 211 milyon manatın 94 milyonu Anar Sultanov, 45 milyon 813 min manatı İlqar Abdullayev, 16 milyonu Kənan Orucov, 6 milyonu Məmməd Cahangirov, 7 milyon 612 min manatı Azad Cavadov, 37 milyon 437 min manatı Yusif Ələkbərov, 39 milyon manatı isə İbrahim Hüseynov tərəfindən mənimsənilib.

Hakim isə qeyd edib ki, arayış cinayət işi materiallarına əlavə edilib və sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Prosesdə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, cinayət işi ilə əlaqədar zərərçəkmiş kimi iki tərəfin tanınması absurddur: "Kreditlərlə bağlı məsələlərin həlli üçün Beynəlxalq Bankın səlahiyyətləri 2015-ci ildə "Aqrar Kredit" QSC-yə verilib. Belə olan halda Beynəlxalq Bankın zərərçəkmiş tərəf kimi tanınması doğru deyil. Məhkəmədən xahiş edirik ki, Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrar Kredit" QSC tərəfindən imzalanmış müqavilənin surəti və problemli kreditlərlə bağlı sənədlərin surəti məhkəməyə təqdim edilsin".

Prosesdə Rasim Fətullayev şirkət rəhbərliyinin tapşırığı ilə adına 505 min dollar kredit götürüldüyünü deyib.

Digər şahid Rauf Şahbazov da ifadəsində deyib ki, şirkət əməkdaşlarından 10 nəfərin adına bankdan kredit götürülüb: "Bizə bildirdilər ki, həmin kreditlər Fındıq Emalı Zavodu üçün götürülüb".

Prokuror isə şahidə xatırladıb ki, hazırda onun adına bankda 107 min 800 manat kredit var. Şahid isə bundan xəbərsiz olduğunu deyib.

Əli Həsənov ifadəsində bankdan kredit götürdüyünü təsdiqləyib. Prokuror isə onun adına hazırda 352 min dollar borc olduğunu deyib. O isə bundan istintaqa ifadə verən zaman xəbər tutduğunu deyib.

Proses avqustun 31-də davam etdiriləcək.

***

saat 14.12

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsiriləndirilən Azad Cavadovun dindirilməsi davam etdirilib.

"Bu kredit əvvəllər vəkil Akif Məlikovun adına olub. Bir gün Akif Məlikov bildirdi ki, ona kreditə soyuducu vermirlər, çünki adında bu qədər kredit var. Bundan sonra mən məcbur olaraq, həmin krediti qayınanamın adına keçirdim".

O bildirib ki, C. Hacıyevlə tələbə yoldaşı olub, Fındıq Emalı Zavodunda C. Hacıyevin dəvəti ilə əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi çalışıb: "Beynəlxalq Bankdan əvvəlcə 5 milyon manat kredit götürülüb. Girov olaraq isə müəssisə qoyulub. Götürülən 5 milyon manatı qaytara bilməyiblər, buna görə də müəssisə bankın idarəetməsinə keçib. Bununla bağlı sənədləri məhkəməyə təqdim edə bilərik".

Dövlət ittihamçısı Fərid Nağıyev 2 gün ərzində 17 milyon manat kreditin götürülməsinin kimin təşəbbüsü olduğunu soruşub. A. Cavadov isə cavabında deyib ki, vergi borcları olub: "Həmin məbləğlərin ödənilməsi üçün kredit götürmək barədə Cahangir Hacıyevə dedim və krediti götürdüm".

A. Cavadov xatırladıb ki, kreditlərin ödənilməməsi ilə bağlı onun haqqında əvvəllər də cinayət işi açılıb.

Prokuror A. Cavadovun qayınanasının adına 816 min manat kreditin nə məqsədlə alındığını da soruşub. "Bu kredit əvvəllər vəkil Akif Məlikovun adına olub. Bir gün Akif Məlikov bildirdi ki, ona kreditə soyuducu vermirlər, çünki adında bu qədər kredit var. Bundan sonra mən məcbur olaraq, həmin krediti qayınanamın adına keçirdim", - deyə A. Cavadov bildirib.

O, evindən tapılan silahla bağlı isə ittihamlara cavab verərək bildirib ki, soyuq silah dedikləri xəncəri 10 il əvvəl qaynı hədiyyə edib: "Evimdə ikinci dəfə axtarış aparanda həmin əşyanı götürdülər və ekspert rəy verdi ki, guya soyuq silahdı. Halbuki ondan iki dəfə böyük balta var. Odlu silaha gəlincə, mənim o silahdan xəbərim yoxdur".

Prokuror isə qeyd edib ki, evdən tapılan silahda A. Cavadovun barmaq izləri var.

Sonra vəkillərin suallarını cavablandıran A. Cavadov deyib ki, Fındıq Zavodunun götürdüyü ümumilikdə 60 milyon manat kredit müəssisənin genişlənməsinə sərf olunub, Beynəlxalq Bank da bu işə nəzarət edib: "Burada heç bir mənimsəmə yoxdur. Müqaviləyə əsasən, borc ödənilməzsə, bütün hallarda müəssisə bankın girovluğunda idi. Zavod sonra "Aqrar Kredit" QSC-nin nəzarətinə keçib".

C. Hacıyev də A. Cavadovun dediklərini təsdiq edib: "Zavodla bağlı girov sazişi imzalanıb. Azad Cavadov mənim yaxın dostumdur və ona etibar edib müəssisənin rəhbərliyinə dəvət etdim. Bunun nəticəsini də gördüm ki, kreditlər onun rəhbərliyi ilə ödənilib. Zavodun 6 milyon manat borcu qalması ilə bağlı ittihamlar da əsassızdır. Eyni zamanda ona qarşı silah ittihamı da yalandır".

Sonra şahidlər ifadə veriblər.

“İnter Security” MMC-nin əməkdaşları ifadə verərək, adlarına olan kreditləri tapşırıqla götürdüklərini və hara sərf olunduğundan xəbərsiz olduqlarını deyiblər.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR