AMEA-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi təqdim olunub

AMEA-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi təqdim olunub
# 25 aprel 2016 15:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, film əsasən, Ermənistan ictimaiyyətinə hesablanıb: “Ermənilərin həqiqəti bilməyə haqqı var. Ermənilər rəsmi Ermənistan tarixşünaslığından xəbərdardırlar. Mən də bu filmlə ermənilərə alternativ bir tarix təqdim etmişəm. Seçim ermənilərindir”.

F. Axundov əlavə edib ki, “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin Gürcüstanın paytaxtı Tbilisi şəhərində təqdimat mərasimi keçirilib: “Biz təqdimat üçün mayın 29-u tarixini seçmişdik. Bu simvolik bir seçim idi. Çünki 1918-ci il may ayının 29-da Azərbaycanın tarixi İrəvan şəhəri Tbilisidə ermənilərə güzəştə gedilib. Artıq filmə reaksiyalar var. Bu elmi reaksiyalardır. Bəzi erməni mənşəli tarixçiləri bizə müraciət etməyə başlayıblar. Onlar erməni tarixşünaslığını inkar edirlər. Bundan başqa, hazırda 2 erməni də bizə müraciət edib. Onlardan biri Qarabağ ermənisidir. Həmin ermənilər “hay” olmadıqlarını deyirlər. Onlar Qarabağ ermənilərin birliyini yaratmaq niyyətindədirlər”.


Daha sonra “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi nümayiş olunub. Filmdə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılma prosesi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar, Ermənistan ərazisində müsəlman memarlıq abidələrinin məhv edilməsi, alban kilsələri və Azərbaycan toponimlərinin erməniləşdirilməsi geniş şəkildə təhlil olunub. Filmin hazırlanması zamanı müxtəlif şəhərlərdəki arxiv materiallarından istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR