Almaniyanın Tangerhütte şəhərində Xocalı abidəsinin ucaldılması təklif olunub

Almaniyanın Tangerhütte şəhərində Xocalı abidəsinin ucaldılması təklif olunub
# 23 avqust 2016 12:13 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçirilən yerli deputatların toplantısında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda çıxış edən Yaşar Niftəliyev toplantı iştirakçılarına Azərbaycan həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.

İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr olunmuş materialları, o cümlədən, alman yazıçı-publisisti Yohannes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib.

Qeyd edək ki, 6 ildir, fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti əyalətdəki Xarici Vətəndaşlar İttifaqına üzv seçilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə imza atıb. Bunların sırasında ümummilli lider Heydər Əliyev xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı faciəsinə həsr olunmuş kik-boks yarışı və digər əhəmiyyətli tədbirlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR