Poçtla göndərilməsinə icazə verilən və qadağan olunan əşya və malların yeni siyahısı təsdiqlənib

Poçtla göndərilməsinə icazə verilən və qadağan olunan əşya və malların yeni siyahısı təsdiqlənib
# 24 fevral 2016 14:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda poçt göndərişlərində göndərilməsinə icazə verilən və qadağan olunan əşya və malların yeni siyahısı təsdiqlənib

APA-nın məlumatına görə, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqlədiyi və bu gündən qüvvəyə minən “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən poçt göndərişlərində göndərilməsinə icazə verilən əşya və malların siyahısı da təsdiqlənib. Daxili sadə və sifarişli məktublarda yazışmalar, işgüzar sənədlər, fotoşəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmalar göndərilir. Daxili qiyməti bəyan olunmuş məktublarda və sənəd tərkibli sürətli poçt göndərişlərində qiymətli kağızlar və ya sənədlər, lotereya biletləri, fotoşəkillər, poçt markaları, əlyazmalar, məhkəmə işləri və göndərici və (və ya) ünvançı üçün qiymət kəsb edən digər sənədlər, sənəd tərkibli sürətli poçt göndərişlərində, həmçinin yazışmalar da göndərilir. Daxili sadə və sifarişli banderollarda yalnız kütləvi tirajlı çap məhsulları (blanklar, broşürlər, plakatlar), dövrü çap nəşrləri, bədii və digər ədəbiyyat göndərilir. Daxili kiçik paketlərdə mədəni-məişət və istehsal təyinatlı əşyalar, işgüzar sənədlər, çap nəşrləri, bədii və digər ədəbiyyat, səs yazıları, dərman və dərman bitkiləri, toxumlar, uzun müddət saxlanıla bilən qida məhsulları və digər qiymətli əşyalar göndərilir. Daxili sekoqramlarda sekoqrafik üsulla yazılmış və açıq şəkildə təqdim olunan məktublar, korlar üçün qabarıq şriftli çap nəşrləri, sekoqrafik yazı üçün klişe, korlar üçün nəzərdə tutulmuş səs yazıları və xüsusi kağızlar yalnız korlar təşkilatı tərəfindən göndərilir və (və ya) onun ünvanına çatdırılır. Daxili bağlamalarda və mal tərkibli sürətli poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, bitkilər, çap məhsulları, dərman preparatları, meyvə, tərəvəz və sair əşyalar göndərilir. Beynəlxalq sadə və sifarişli məktublarda və sənəd tərkibli sürətli poçt göndərişlərində yazışmalar, işgüzar sənədlər, fotoşəkillər, hesablar, qəbzlər və digər sənədlər göndərilir. Beynəlxalq qiyməti bəyan olunmuş məktublarda sənədlər, sənəd və arayışların notarial qaydada təsdiq olunmuş surətləri, xarici valyutada ödəniş sənədləri, qiymətli kağızlar və digər qiymətli sənəd və əşyalar göndərilir. Beynəlxalq sadə və sifarişli banderollarda poliqrafiya məhsulları, xəritələr, nümunələr, kataloqlar, broşürlər, kitab çapı üçün istifadə olunan kağız, karton və ya digər material üzərində reproduksiyalar və sair məhsullar göndərilir. “M” kisələrində eyni göndərici tərəfindən eyni alıcıya və eyni təyinat yerinə ünvanlanan kütləvi informasiya vasitələrinin nəşrləri, kitab və digər çap məhsulları, habelə çap nəşrlərinin ayrılmaz hissəsi olan digər informasiya daşıyıcıları və əşyalar göndərilir. Beynəlxalq sekoqramlarda sekoqrafik üsulla yazılmış və açıq şəkildə təqdim olunan məktublar, korlar üçün qabarıq şriftli çap nəşrləri, sekoqrafik yazı üçün klişe, korlar üçün nəzərdə tutulmuş səs yazıları və xüsusi kağızlar yalnız korlar təşkilatı tərəfindən göndərilir və (və ya) onların ünvanına çatdırılır. Beynəlxalq kiçik paketlərdə mal nümunələri və hədiyyə xarakterli, azqiymətli kiçik əşyalar göndərilir. Kiçik paketə, həmçinin cari və ya şəxsi yazışma xarakterli sənədlərin qoyulmasına icazə verilir, lakin bu sənədlər yalnız kiçik paketin ünvançısına aid olmalıdır. Beynəlxalq bağlamalarda və mal tərkibli beynəlxalq sürətli poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, çap məhsulları, bitkilər, dərman vasitələri, eləcə də təyinat ölkəsinə idxalına icazə verilmiş və qanunvericiliklə qadağan olunmamış digər əşya və mallar göndərilir.

Qaydalara əsasən poçt göndərişlərində göndərilməsi qadağan olunan və xüsusi icazə əsasında yol verilən əşya və mallar da təsdiqlənib. Daxili poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanununa və Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı”na uyğun olaraq müəyyən edilir. Daxili poçt göndərişlərində “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda nəzərdə tutulmuş mal və əşyaların göndərilməsi üçün xüsusi icazə tələb olunur. Daxili banderol, sekoqram, kiçik paket, qiyməti bəyan olunmuş məktublarda, habelə bağlamalarda göndərici və ünvançı olmayan şəxslər arasında mübadilə olunan bütün növ yazışmaların və sənədlərin göndərilməsinə yol verilmir. Daxili poçt göndərişlərinin içərisinə Azərbaycanın digər poçt rabitəsi operatoru tərəfindən göndərilmə üçün qəbul edilən və rəsmiləşdirilən hər hansı poçt göndərişinin qoyulmasına yol verilmir. Daxili poçt göndərişlərində göndərilmə üçün qadağan olunmuş əşya və maddələr aşkar olunduğu halda poçt rabitəsi operatoru onları göndəriciyə qaytarır və ya onların müəyyən olunmuş qaydada götürülməsi üçün tədbir görür. Daxili poçt göndərişlərində aşkar olunmuş odlu silahlar və onların sursatları, soyuq silahlar və xüsusi olaraq hücum və müdafiə üçün nəzərdə tutulmuş əşyalar, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən tərkibində belə maddələr olan dərman vasitələri, güclü təsirə malik, zəhərli, tezalışan, partlayıcı, radioaktiv, bioloji, infeksion və digər təhlükəli maddələrin aşkar olunma və saxlanılma faktı barədə poçt rabitəsi operatoru aidiyyəti üzrə hüquq mühafizə orqanlarını dərhal xəbərdar edir. Daxili poçt göndərişlərində aşkar olunmuş milli və xarici valyuta pul köçürməsi ilə göndəriciyə qaytarılır və ya ünvançıya göndərilir. Poçt göndərişindən götürülmüş xarici valyuta Mərkəzi Bankının cari mübadilə kursu üzrə konvertasiya olunur. Pul köçürməsinin göndərilmə haqqı poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş tariflər əsasında aşkar olunmuş vəsait hesabına tutulur. Daxili poçt göndərişlərində aşkar olunmuş zəhərli heyvan və bitkilər, bu barədə müvafiq akt tərtib edilməklə, uyğun olaraq baytarlıq orqanlarına və ya fitosanitar sahəsində dövlət nəzarətini həyata keçirən orqanlara təhvil verilir. Daxili poçt göndərişlərində aşkar olunmuş tez xarab olan qida məhsulları, eləcə də öz xüsusiyyətlərinə və qablaşdırılmasına görə poçt rabitəsi operatoru işçilərinin və üçüncü şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədə biləcək, digər poçt göndərişləri və ya poçt avadanlığının çirklənməsinə və ya korlanmasına (zədələnməsinə) səbəb ola biləcək əşyalar poçt rabitəsi operatoru tərəfindən götürülür və təhlükənin başqa yolla aradan qaldırılması mümkün olmadıqda, məhv edilir.

Beynəlxalq poçt göndərişlərində “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda nəzərdə tutulmuş mal və əşyaların göndərilməsi və gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur. Beynəlxalq sadə və sifarişli məktublarda gömrük ödənişləri tətbiq olunan əşyaların göndərilməsinə yol verilmir. Beynəlxalq banderol, “M” kisə, sekoqram və bağlamalarda cari və şəxsi yazışma xarakterli sənədlərin, poçt markalarının, ödəniş blanklarının və qiymətli kağızların göndərilməsinə yol verilmir. Beynəlxalq poçt göndərişlərində göndərici və ünvançı olmayan şəxslər arasında mübadilə olunan cari və şəxsi yazışma xarakterli sənədlərin, habelə bütün növ yazışmaların (hesab və göndərişin tərkibi barədə açıqlama istisna olmaqla) göndərilməsinə yol verilmir. Beynəlxalq poçt göndərişlərinin içərisinə Azərbaycanın digər poçt rabitəsi operatoru tərəfindən göndərilmə üçün qəbul edilən və rəsmiləşdirilən hər hansı poçt göndərişinin qoyulmasına yol verilmir. eynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olunan əşya və maddələr aşkar olunduqda poçt rabitəsi operatoru bu barədə gömrük orqanlarını dərhal xəbərdar edir. Gömrük orqanlarının səlahiyyətli nümayəndələri poçt obyektinin məsul işçilərinin iştirakı ilə müvafiq akt tərtib edilməklə göndərilməsi qadağan olunmuş əşya və maddənin qanunla müəyyən olunmuş qaydada geri qaytarılmasını, götürülməsini və ya məhv edilməsini həyata keçirir. Pul vəsaitlərinin Azərbaycandan kənara göndərilməsi beynəlxalq pul köçürmələri vasitəsilə ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Azərbaycanın gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişləri gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün poçt rabitəsi operatorları tərəfindən gömrük orqanlarına təqdim edilir. Audio-video yazılarının, maqnit və digər məlumat daşıyıcılarının gömrük rəsmiləşdirilməsi xüsusi texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük nəzarəti aparıldıqdan sonra həyata keçirilir. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Nazirlər Kabineti tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologyalar Nazirliyinin 14.06.2006-cı il tarixli 131 nömrəli əmri ilə təsdiqlənən və bu gün ləğv edilən “Poçt rabitəsi Qaydaları”nda daxili poçt göndərişlərində göndərilməsi qadağan olunan və yaxud göndərilməsi üçün müəyyən şərtlərə əməl olunması tələb olunan əşyaların siyahısı əksini tapıb. Bura Azərbaycan qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat, əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar, narkotik vasitələr, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar, odlu silah və onun döyüş sursatı, pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar, insan orqanları və (və ya) toxumaları, canlı heyvanlar, tezalışan maddələr, zəhərli və toksikoloji maddələr, bioloji və infeksion maddələr, civə, kimyəvi reaktivlər və turşular, insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar, öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər, sikkələr və banknotlar daxil olub. Bnderollarda, məktublarda, bağlamalarda (qiymətlilər də daxil olmaqla) Azərbaycanda tədavüldə olan nağd pulun göndərilməsi (poçt müəssisələrindən qəbul olunan qiyməti bəyan olunmuş məktublar istisna olmaqla) qadağalar sırasında olub. Azərbaycanda tədavüldə olan nağd pul, qiyməti bəyan olunmuş məktublarda yalnız kassa əməliyyatı aparan poçt müəssisələrindən qəbul edilib. Poçt göndərişləri qəbul edilən zaman bu göndərişlərdə pul nişanları aşkar edilərsə, göndərici xəbərdar edilib, pul ona qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR