Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filmi nüfuzlu Milan festivalının mükafatına layiq görülüb

Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filmi nüfuzlu Milan festivalının mükafatına layiq görülüb
# 10 noyabr 2015 15:26 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, festivalda dünyanın müxtəlif ölkələrindən olan peşəkar kinematoqrafçılar bir araya gəlib.

Film yaradıcılarının fikrincə, “Sonsuz dəhliz” filminin Milan festivalının mükafatına layiq görülməsi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı imkandır.

Xatırladaq ki, film “Milan IFF 2015” kino festivalında müsabiqədə iştirak etmək üçün bu ilin iyul ayında seçilib. "Sonsuz dəhliz” filmi “Milan IFF 2015” kino festivalında “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyalarda iştirak edib.

Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filmi il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra film daha iki nüfuzlu mükafata layiq görülüb. Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları “Sonsuz dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən A. Brokas bunları deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Bu dəfə münsiflər heyətinin diqqəti “Sonsuz Dəhliz” filminin müstəsna yaradıcı və texniki keyfiyyətində cəmlənib. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. “Sonsuz dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.

Qeyd edək ki, “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub. Filmin nümayişi həmçinin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında və İsrailin “Channel 1” telekanallarında baş tutub.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR