Türkiyə baş nazirinin müavini: “Qlobal risklər davam edir”

Türkiyə baş nazirinin müavini: “Qlobal risklər davam edir”
# 06 aprel 2016 15:33 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Qlobal risklər davam edir”.

APA-nın məlumatına görə, bunu Türkiyə baş nazirinin iqtisadiyyat üzrə müavini Mehmet Şimşək İstanbulda Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçirilən XIX Avrasiya İqtisadiyyat Zirvəsindəki çıxışında deyib. 2008-ci ildəki maliyyə böhranından sonra Amerika Mərkəzi Bankının genişlənmə siyasəti yürütdüyünü və 5 dəfə artıq pul kəsərək bazarda pul bolluğu yaratdığını xatırladan M. Şimşək bu durumun iqtisadiyyatın böyüməsinə müsbət təsir etmədiyini vurğulayıb: “İnkişaf etməkdə olan bazarlara daxil olan sərmayənin geriyə çıxışı başladı. Bunun nəticəsində keçən il inkişaf etməkdə olan bazarlardan yarım trilyon dollar sərmayə çıxdı. Yeni investisiyalar dayanmış vəziyyətdədir”.

Nazir müavini inkişaf etmiş ölkələrin satdığı 30-40 illik istiqrazların faizlərinin mənfiyə düşməsinin də narahatlıq doğurduğunu bildirib. Türkiyədə həyata keçirilmiş və keçirilməsi planlaşdırılan islahatlar barədə danışan M. Şimşək təhsil sahəsində atdıqları bütün addımlara rəğmən təhsilin keyfiyyətini yüksəldə bilmədiklərini, bu durumun hazırda Türkiyənin ən önəmli problemlərindən biri olduğunu vurğulayıb. Adam başına düşən milli gəlirin təhsilin keyfiyyətiylə düz mütənasib olduğuna diqqəti cəlb edən M. Şimşək ədliyyə sahəsindəki islahatları həyata keçirmədən Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrində daima sıxıntı yaşayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR