Qəbələ İsrailin Yokneam şəhəri ilə qardaşlaşacaq

Qəbələ İsrailin Yokneam şəhəri ilə qardaşlaşacaq
# 28 sentyabr 2016 09:44 (UTC +04:00)

Yokneam. Məlahət Nəcəfova - APA. Noyabrın 6-da Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti İsrailin Yokneam şəhərinə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Yokneam şəhərinin vitse-meri, Azərbaycan yəhudisi Roman Peres məlumat verib. O bildirib ki, səfərin məqsədi Qəbələ ilə Yokneam arasında qardaşlaşmış şəhərlər barədə razılaşmanın imzalanmasıdır.

R. Peres qeyd edib ki, səfər sentyabrın ortalarında baş tutmalı olsa da, Azərbaycanda keçirilən referendumla əlaqədar bir qədər təxirə salınıb: “Ümumilikdə iki razılaşma imzalanacaq. Əvvəlcə Azərbaycan tərəfi buraya gələcək. Daha sonra böyük ehtimal ki, yazda biz Qəbələyə səfər edəcəyik. Qəbələ və Yokneam turizm şəhərləridir. Ona görə də bu barədə fikir mübadiləsi aparmaq mümkündür”.

R. Peres Yokneam şəhərində 250-300 min nəfər Azərbaycandan gələn yəhudinin yaşadığını söyləyib: “Buna görə də şəhərimizdə tez-tez Azərbaycanla, o cümlədən Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Azərbaycanlılar burada çox aktivdirlər. Şəhərdə Azərbaycan Mərkəzinin açılması barədə planlar var”.

Mer müavini əlavə edib ki, Yokneamda “Elbit” müdafiə şirkəti fəaliyyət göstərir: “Bu şirkət uzun illərdir ki, Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. Detalları aça bilmərəm, lakin İsrailin bir sıra müdafiə şirkətləri öz məhsullarını Azərbaycana göndərir. Çox maraqlı layihələr var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR